TOVUZ, 17 mart. TELEQRAF

"Sevinirəm ki, Azərbaycan vətəndaşlığı ala bildim. Amma milliyə dəvət almaq üçün daha çox oynamalıyam".

Teleqraf xəbər verir ki, bunu "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Haiti və Belarusla yoldaşlıq görüşləri üçün baş məşqçi Fernandu Santuş tərəfindən Azərbaycan yığmasına çağırılmamasına münasibət bildirərkən deyib.

26 yaşlı yarımmüdafiəçi mövsüm ərzində ilk dəfə Azərbaycan Premyer Liqasının XXVII turunda evdə "Sumqayıt"a qarşı 90 dəqiqə oynadığını bildirib.

Ötən qarşılaşmalarda klubunda az çıxış etdiyini xatırladan Hüseynovun fikrincə, milliyə çağrılmaq üçün bütün oyunlarda forma geyinmək lazımdır: "Bu səbəbdən, öz üzərimdə çox işləməliyəm".

Bununla yanaşı, Hüseynov yığmaya futbolçu seçimini başa düşmədiyini açıqlayıb: "Mənə də dəhşətli dərəcədə maraqlıdır ki, bu, necə olur: hər iki futbolçu az oynayır, amma birini dəvət edirlər? Arabir görəndə ki, zədəli, yaxud az çıxış edən futbolçu milliyə çağırılıb, başa düşə bilmirəm. Elədirsə, hamı çağırılmalıdır".

Xatırladaq ki, Rusiyada doğulan Ayxan Hüseynov 2024-cü ilin oktyabrında Azərbaycan vətəndaşlığı alıb. Azərbaycan millisi Haitini martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusu isə martın 25-də "Bank Respublika Arena"da qəbul edəcək.