BAKI, 18 mart. TELEQRAF

Meksikadakı əfsanəvi "Asteka" stadionu adını dəyişərək, "Estadio Banorte" olub.

Teleqraf xəbər verir ki, bu addım 2026-cı il dünya çempionatı ərəfəsində stadionun yenidən qurulmasının maliyyələşdirilməsinə dair müvavilə çərçivəsində atılıb.

Meksikanın aparıcı bankslarından sayılan "Banorte" təmir işlərinə 105,6 milyon dollar kredit ayıracaq. Kredit 12 il ərzində bağlanılacaq. Tikinti işlərinə stadionun sahibi "Ollamani Group" da 75,4 milyon dollar sərmayə qoyub.

Ad dəyişikliyi stadionun 58 illik tarixi ərzində ikinci dəfə baş verəcək. Daha əvvəl bu, 1997-ci ildə olub və idman qurğusu dahi meksikalı futbol məşqçisi, mərhum Gilyermo Kanedonun adını qısa müddət daşıyıb. Bu dəfə isə "Banorte"nin sponsorluğu ad dəyişikliyi və stadionda reklam hüququna yiyələnməni nəzərdə tutur.

DÇ-1970 və DÇ-1986-nın finallarına ev sahibliyi etmiş tarixi idman qurğusu Meksikanın paytaxtı Mexikoda yerləşir. Burada DÇ-2026-nın açılışı və ilk oyunu keçiriləcək. Beləliklə, bu stadion üç mundialın keçirildiyi ilk arena kimi tarixə düşəcək. "Estadio Banorte"də qrup mərhələsinin iki oyunu da təşkil olunacaq.

Qeyd edək ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə üç ölkədə - Meksika, ABŞ və Kanadada keçiriləcək.