BAKI, 17 mart. TELEQRAF

"Bolqarıstan yığması ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi".

Teleqraf xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova Bakıda təşkil edilən Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı affa.az-a açıqlamasında deyib.

"Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağımız komandamızı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”, - deyə o, qeyd edib.

Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşır. Komandamız son tur çərçivəsində martın 18-də Malta seçməsi ilə qarşılaşacaq.