
BAKI, 18 mart. TELEQRAF
Ukrayna münaqişənin bu il başa çatacağına ümid edir.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Hindistanda keçirilən siyasi konfransda bildirib.
Onun sözlərinə görə, ötən həftə Ciddədə amerikalılarla aparılan danışıqlar münaqişənin bu il yekunlaşması üçün yeni imkanlar yaradıb. “Biz buna hazırıq. Sülhün əldə edilməsinə mane olan tərəf deyilik”, - Sibiqa vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, Ukrayna Səudiyyə Ərəbistanındakı görüş zamanı əldə olunan razılaşmaya dair tələbləri yerinə yetirməyə hazırdır. O, həmçinin Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında gözlənilən telefon danışığının nəticələrini diqqətlə izlədiklərini qeyd edib: "Bizim qırmızı xətlərimiz dəyişməz qalır - suverenlik və ərazi bütövlüyü ilə bağlı heç bir kompromis olmayacaq, hərbi imkanlara heç bir məhdudiyyət qoyulmayacaq və heç bir üçüncü tərəf hansısa ittifaqa qoşulmağımıza veto qoya bilməz”.