
BAKI, 18 mart. TELEQRAF
ABŞ-nin Ermənistana hərbi texnika göndərməsi vəziyyəti çətinləşdirə bilər.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Birincisi, bu, İrəvanın vəziyyətini daha da çətinləşdirə bilər. İkincisi, ABŞ-nin Ermənistanla birgə hərbi təlimlər keçirməklə bağlı mümkün qərarı heç bir halda geosiyasi mülahizələrdən irəli gəlmir. Bu, ancaq Ermənistanın düşdüyü vəziyyəti çətinləşdirəcək, çünki sülh sazişinin imzalanması perspektivi yoxdur”, - ekspert bildirib.
Həmçinin Tarasov qeyd edib ki, hazırda ABŞ Ukrayna məsələsinin həlli ilə məşğuldur:
“Ermənistanın səyləri, bu hərbi təlimləri regionda ön plana çıxarmaq marjinal xarakter daşıyır, bunların heç bir perspektivi yoxdur. Ermənistanın təhlükəsizliyi baxımından bu, ona ancaq problem yarada bilər, təhlükəsizliyini təmin etmir. Əslində, Ermənistan muxtar şəkildə Qərblə işləyir, praktiki olaraq KTMT-dən çıxıb, Azərbaycanla problemləri həll olunmayıb və eyni anda bir neçə yerdə oynamağa çalışır”.
Rusiyalı politoloqun fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna münaqişəsinin həllini gözləmədən özünü dərhal Qərbin qucağına ataraq yanlış gediş edib.
Tarasov vurğulayıb ki, bütün bunlara baxmayaraq, indiki mərhələdə Cənubi Qafqazda hərbi eskalasiya üçün real şərtlər yoxdur və regionda yeni eskalasiya heç kimə lazım deyil. Bununla belə, onun iddiasına görə, Azərbaycan və Ermənistan sülh sazişinin mətninin tam razılaşdırıldığını bəyan etsə də, ən azı indiki mərhələdə bunun imzalanması perspektivi yoxdur.
Mümkün Ermənistan-ABŞ hərbi təlimlərinə Rusiyanın cavabına gəlincə, Tarasov bildirib ki, Moskva baş verənləri izləyir:
“Bu, Ermənistanın qərarıdır, əgər Paşinyan öz işi ilə məşğul olmaq qərarına gəlibsə, bunu etsin. Ermənistan üçün KTMT praktiki olaraq mövcud deyil, üstəgəl, tezliklə Avrasiya İqtisadi Birliyindən çıxacaq, müharibədən 5 il ötür, nə Azərbaycanla, nə də Türkiyə ilə sülh var, İranla problemlər mövcuddur, ABŞ-nin də Ermənistana ayıracağı vaxtı yoxdur”.
Stanislav Tarasov Ermənistana Ukraynanı nümunə göstərib. O hesab edir ki, Ermənistan da eyni yolla gedir.