
BAKI, 18 mart. TELEQRAF
"Neftçi"nin keçmiş futbolçusu Ahmed Ahmedov vətəni Bolqarıstanda ən yaxşı hücumçu seçilib.
Teleqraf xəbər verir ki, hazırda Yaponiyanın "Simidzu" klubunda çıxış edən 30 yaşlı forvard idman jurnalistləri arasında səsvemə nəticəsində birinci yeri tutub. O, 2024-cü ildə 16 qol vurub və hazırda bombardirlər siyahısında liderdir.
Təcrübəli hücumçu Yaponiyada olduğu üçün tədbirə qatıla bilməsə də, video-müraciətində ona səs verən jurnalistlərə təşəkkürünü bildirib.
Bolqarıstanın ən yaxşı futbolçusu adına isə milli komandanın kapitanı Kiril Despodov ardıcıl dördüncü, ümumilikdə beşinci dəfə layiq görülüb. Beləliklə, Despodov bu göstəricidə əfsanəvi Xristo Stoiçkova çatıb.
Qeyd edək ki, Ahmed Ahmedov 2021-ci ilin fevralında "Neftçi"yə Bolqarıstan MOİK-indən icarə əsasında keçib. Məhz onun qolu sayəsində "ağ-qaralar" 2020/2021 mövsümünün son oyununda "Qarabağ"ı məğlub edərək, uzun fasilədən sonra Azərbaycan çempionu olub. Lakin Bakı klubu Ahmedovu birdəfəlik almaq hüququndan yararlanmayıb və mövsümün sonunda futbolçu ilə yollar ayrılıb.