BAKI, 17 mart. TELEQRAF

“Göstərilən etimada görə təşəkkürümü bildirirəm. Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm".

Teleqraf xəbər verir ki, bunu “Səbail”də baş məşqçi vəzifəsi həvalə olunmuş Elvin Məmmədov klubun sosial media ünvanlarına verdiyi açıqlamada deyib.

Gənc mütəxəssis sonuncu pillədən qurtulacaqlarına inamının böyük olduğunu bildirib: "Bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik".

Məmmədovun sözlərinə görə, qarşıdakı 9 oyunun hamısı "Səbail" üçün finala bərabər olacaq: "Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Qeyd edək ki, Elvin Məmmədov martın 16-da istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib. Hazırda "Səbail" Azərbaycan Premyer Liqasında 27 oyundan 18 xalla sonuncu pillədə qərarlaşıb. Paytaxt klubu 9-cu pillədəki "Kəpəz"dən 5 xal geri qalır.