BAKI, 18 mart. TELEQRAF

Mayın 7-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, yığıncaqda üç əsas məsələ - “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə və idarəetmə hesabatlarının təsdiqlənməsi, 2024-cü ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi, “ABB” ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması məsələləri müzakirə ediləcək.

Gündəliyə çıxarılan məsələlərə dair müvafiq materiallar və səsvermə bülleteni aprelin 15-dən etibarən hər bir səhmdar üçün İnvestor Portalındakı şəxsi kabinetə yerləşdiriləcək.

Səhmdarlar gündəlikdəki məsələlərlə bağlı mövqelərini 15 aprel – 7 may tarixləri arasında elektron qaydada şəxsi kabinet vasitəsilə bildirə və ya bülleteni çap edərək doldurmaqla səsvermədə iştirak edə bilərlər. Sonuncu halda, səsvermə bülleteni qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş imza ilə, şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla, qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına göndərilməlidir.

Qeyd edək ki, təqdim edilən zərflər ümumi yığıncağın keçirildiyi gün, yəni mayın 7-də açılacaq və elektron səslərlə birlikdə hesablanacaq.