
BAKI, 17 mart. TELEQRAF
Şimali Makedoniyanın "Şkupi" klubunun futbolçusu Andrey Lazarov gecə klubunda insanları yanğından xilas edərkən dünyasını dəyişib.
Teleqraf "The Sun"a istinadən xəbər verir ki, hadisə DNK adlı yerli hip-hop qrupunun konsertində olub. Yanğın başlayanda gecə klubunda 1500-ə yaxın insan olub. Bina yerli vaxtla saat 02:30 radələrində pirotexniki vasitələrin tavana dəyməsindən sonra yanmağa başlayıb. Müəssisənin sahibi həbs edilib, daha 4 nəfər isə axtarışa verilib.
25 yaşlı Lazarov bir neçə dəfə yanğın olan gecə klubuna qayıdıb, insanları çölə çıxarıb və sonda yanıq xəsarətləri və dəm qazından zəhərləndiyi üçün reanimasiyaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, faciə nəticəsində 59 nəfər ölüb, 155-dən çox insan yaralanıb.