BAKI, 18 mart. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar son üç ildən artıq müddətdə ilk dəfə 35%-dən aşağı düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gas Infrastructure Europe (GIE) məlumat açıqlayıb. Hazırda yeraltı qaz anbarlarında cəmi 38,6 milyard kubmetr qaz mövcuddur. Anbarlardan qaz çıxarılması havaların soyuması fonunda bir qədər sürətlənib.

Avropa İttifaqı ölkələri cari istilik mövsümünün başlanğıcından – yəni 29 oktyabr 2024-cü ildən bu yana anbarlardan 71,5 milyard kubmetrdən çox qaz çıxarıblar. Bu, əvvəlki beş ilin müvafiq dövr üzrə orta göstəricisindən 25% çoxdur.

GIE-nin məlumatına görə, 16 mart 2025-ci il tarixində anbarlardan 256 milyon kubmetr qaz çıxarılıb. Qaz ehtiyatlarının bu templə istifadə edilməsi mart ayı üçün qeydə alınan yeddinci ən yüksək sərfiyyatdır.

Qeyd edək ki, ötən istilik mövsümü 2024-cü ilin martın 31-də başa çatıb. O zaman yeraltı qaz anbarlarının doluluq səviyyəsi 58,44% təşkil edirdi. Hazırda isə anbarların doluluq göstəricisi 34,84%-dir. Bu, son beş ilin orta göstəricisindən 11,14 faiz bəndi aşağıdır.

Xatırladaq ki, 2018 və 2022-ci illər Aİ üçün xüsusilə çətin illər olmuşdu – həmin illərdə anbarlardakı qaz ehtiyatları istilik mövsümünün sonunda müvafiq olaraq 18% və 26%-ə qədər düşmüşdü. Hətta bəzi hallarda təzyiqi saxlamaq üçün nəzərdə tutulan bufer qaz ehtiyatlarından belə istifadə olunmuşdu. Cari vəziyyət isə bu illərin təcrübəsinə bənzər riskləri gündəmə gətirir.