BAKI, 17 mart. TELEQRAF

“Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən yaxşı ruhda qayıdacağıq. Olduğumuz mövqe bizi çaşdırmamalıdır. Çünki digər rəqiblərimiz də bizim kimi xal ehtiyatını artırmağa çalışır”.

Bu sözləri “Zirə”nin futbolçusu Stefan Aka Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Sabah”la 1:1 hesablı bərabərə qaldıqları oyundan sonra Teleqaf-a açıqlamasında deyib.

35 yaşlı müdafiəçi “Bank Respublika Arena”da 1 xal qazandıqları qarşılaşmanın nəticəsini müsbət dəyərləndirib: “Çətin oyun alındı. Birinci hissədə istədiyimiz kimi oynamadıq. Amma ikinci yarıda öz keyfiyyətimizi göstərdik. Yaxşı nəticə qazandığımız üçün sevinirik. Amma növbəti oyunlarda qələbə qazanaraq, mövsümün sonunda avrokublara yollanmağı hədəfləyirik. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

“Zirə”nin “5” nömrəsi yaranan fasilənin komandasına müsbət təsir göstərəcəyini qeyd edib: “Fasilə müddətində üç gün istirahət edəcəyik. Növbəti oyunumuz “Şamaxı”ya qarşı olacaq. Qalib gəlməyə və 3 xalı aktivimizə yazdırmağa çalışacağıq”.

Qeyd edək ki, “qartallar” hazırda 52 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır. Rəşad Sadıqovun komandasını liderdən 12 xal ayırır.