BAKI, 18 mart. TELEQRAF

Ermənistan yanvarda Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə dəmir yolu ilə yüklərinin daşınması məsələsinin həlli üçün Azərbaycana yazılı təkliflərini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Aparatının bəyanatında bildirilir.

Bundan əlavə, bəyanata görə, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifini çatdırıb və Azərbaycanın müsbət cavabını gözləyir.

Həmçinin bəyanatda deyilir ki, Ermənistan hökuməti sülh gündəmini rəhbər tutur:

“Sülh müqaviləsinin mətni üzrə razılaşma və bu çərçivədə danışıqların yekunlaşdırılması həlledici addımdır və Ermənistan Azərbaycana sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir. Saziş layihəsinin razılaşdırılmış mətni Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin bərqərar olmasının fundamental məsələlərini əhatə edir və gələcək addımların müzakirəsi üçün mexanizmləri nəzərdə tutur”.

Baş nazirin Aparatı əlavə edir ki, Ermənistan iki ölkənin sərhəd komissiyalarının razılaşdırılmış əsasnaməsi ilə Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işləri davam etdirməyə hazırdır.