
BAKI, 17 mart. TELEQRAF
“Oyunun çox çətin keçəcəyini bilirdik. Çünki süni meydan amilinin bizə mane olacağını düşünmüşdük".
Bu sözləri “Nefçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XXVII turunda "ASCO Arena"da “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
34 yaşlı yarımmüdafiəçi yaxşı hazırlığın nəticəsində çətin səfər görüşündən 3 xalla döndüklərini bildirib: "Bu, bizim üçün vacib qələbə idi. Hesabda 2:0 öndə olduğumuz vaxt rəqib fərqi azaltdı. İkinci hissədə də qarşı tərəf bərabərlik qolunu vurmağa can atırdı. Həm onların, həm də bizim alınmayan epiozlarımız var idi. Sevinirəm ki, nəticə xeyrimizə oldu. Çempionatdakı fasilə müddətində üç günlük istirahət etdikdən sonra toplaşaraq, növbəti oyuna hazırlaşacağıq”.
Azərbaycan milli komandasının futbolçusu Fernandu Santuşun təyinatından sonra yığmaya dəvət almaması ilə bağlı suala isə belə cavab verib: “Bu, millinin baş məşqçisinin seçimidir. Çağırsa da, çağırmasa da onun qərarıdır. Bu baxımdan, nə isə deyə bilmərəm”.
Qeyd edək ki, 27 turun nəticəsinə görə, aktivində 31 xal olan “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində yer alır. “Ağ-qaralar”ı 5-ci pillədəki “Sabah”dan 4 xal ayırır.