BAKI. 17 mart. TELEQRAF

"Səbail" klubunun icraçı direktoru Firuz Abdulla Teleqraf-a müsahibəsində Cavid Hüseynovun baş məşqçi postundan istefaya göndərilməmişdən əvvəl mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib:

- Cavid Hüseynov bildirib ki, qış fasiləsində istədiyi transferlər edilməyib. Bu fikirləri nə dərəcədə həqiqətə uyğundur?

- Komandaya dəvət olunduğu vaxt ona qeyri-adi heç nə vəd olunmayıb. Heyətin köklü dəyişikliyə məruz qalacağı ilə bağlı da hansısa söz verilməyib. Komandaya gəlməzdən öncə görüşümüz zamanı Hüseynov dəfələrlə bildirib ki, “Səbail”in hazırkı heyəti Premyer Liqada qalmaq, hətta yüksək pillələri tutmaq üçün kifayət qədər böyük potensiala malikdir. Komandanın potensialına inandığını, bir-iki mövqedə güclənməyə ehtiyacının olduğunu da söyləmişdi. Təbii ki, yeni təyin olunan mütəxəssis yeni futbolçuların komandaya cəlb olunmasında maraqlı olur. Şəxsən mən bu görüşlərdə tək olmamışam, Klubun Müşahidə Şurasının üzvü və idman direktoru da iştirak edib. Təkbətək söhbət də deyil ki, sonra hansısa tərəf müəyyən fikirləri təkzib edə bilsin. Hazırki büdcəmiz yalnız bir futbolçunun transferinə imkan verir. Demişik ki, filan məbləğdə bir futbolçu və ya o məbləği iki yerə bölərək, komandaya iki oyunçu cəlb edə bilərik. Həmin şərtlərlə razılaşıb, “Səbail”in baş məşqçisi təyin olunması ilə bağlı müqaviləyə qol çəkib. Buna baxamayaraq, qış fasiləsində heyətə bir yox, dörd futbolçu cəlb etmişik. Hamısında da öz razılığı olub. Söhbət Marko Nikoliç, İnnosent Nşuti, İlkin Muradov və Mirabdulla Abbasovdan gedir. Yəni, bir futbolçu razılaşması əvəzinə dördü gətirilib. Oyunçuların hansı formada olmaları, hansı effekti vermələri isə zaman məsələsidir. Heç bir futbolçu baş məşqçinin müsbət rəyi olmadan komandaya cəlb olunmur. Onun fikirləri rol oynayıb. Göründüyü kimi, “qış fasiləsində istədiyimiz transferləri edə bilmədik” fikri də əsassızdır.

- Bəs onun "Qələbəyə görə cəmi 500 manat mükafat verilir" açıqlamasına münasibətiniz necədir?

- Bu, ilk növbədə, qeyri-etikdir. Çünki klubun mətbəxində olan məsələnin kənara çıxarılması heç bir halda təqdir oluna bilməz. Söhbət mükafatın azlığından gedirsə, bu, heç də az məbləğ deyil. Nəzərə alsaq ki, komanda sonuncu yerdədir. Onun səsləndirdiyi fikirlərin təfərrüatına qədər getmək istəmirəm. Deyib, Allah köməyi olsun. “Səbail”də maaşlar vaxtında ödənilir, heç kimin maaşında əskiklik yoxdur. Əvvəlki aylarla bağlı nə futbolçu, nə məşqçi, nə də inzibati işçilərə əməkhaqı borcumuz var. Bununla bağlı da heç bir problem yoxdur. Açıq deyim ki, gündəlik fəaliyyəti ilə əlaqədar “Səbail”də olan şərait Premyer Liqa klublarının bir çoxundan daha yaxşıdır. Komandanın bazası var, futbolçular oyundan bir gün öncə toplaşır, həmin gün üç dəfə yeməklə təmin olunurlar. Digər günlər məşqləri üçün şərait yaradılır, yemək verilir. Yəni, komandanın elementar hazırlığı üçün heç bir problem yoxdur.

- Doğrudanmı, Cavid Hüseynov tək qalmışdı, klub rəhbərliyi isə ona dəstək olmurdu?

- “Mən tək qalmışam” deyəndə nəyi nəzərdə tutursa, onu da başa düşmürük. Çünki klub rəhbərliyinin futbolçularla da, məşqçilərlə də, inzibati heyətlə də mütəmadi görüşləri olur. Oyundan sonra paltardəyişmə otağında, iclas formatında da görüşürük. Məşqlərdən öncə də dəstəyimizi göstərmişik. Bu fikirlər də əsassızdır. “Baş məşqçi kimi tək qalmışam" ifadəsinin bir cavabı var: "Baş məşqçi ümumiyyətlə, tək vəzifədir".

- Kluba "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) tərəfindən sponsor dəstəyinin dayandırılması barədə məlumat doğrudurmu?

- Cavid Hüseynovun sponsorla bağlı səsləndirdiyi fikirlər də tamamilə əsassız və yalandır. Ona görə ki, sponsorla müvafiq müqaviləmiz var. Yəni, hər mövsüm müqavilə yenilənir. ASCO ilə cari mövsümün sonuna qədər müqaviləmiz var. Nəzərdə tutulan məbləğ gecikdirilmədən son qəpiyinə qədər kluba ödənilir. Əməkdaşların maaşlarını vaxtında almalarında bu ödənişlərin zamanında edilməsinin müstəsna rolu var. Bu fikrin də heç bir əsası yoxdur.

- "ASCO Arena" stadionun içərisindəki reklam panellərində yoxdur, qapının arxasında isə “Səbail” sözü ilə əvəzlənib. Bu, nə ilə bağlıdır?

- Bu, məsələnin marketinq tərəfidir. Ona qalsa, stadionun girişində çox böyük hərflərlə “ASCO Arena” sözü yazılıb. O yazı ki, götürülməyib?! Sponsorun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi fikri o vaxt əsaslı olardı ki, söz verdiyi, müqavilədə nəzərdə tutulan məbləği kluba ödəməzdi. Meydanın kənarında nə yazılıb-yazılmamasının komandaya və baş məşqçinin səsləndirdiyi fikrə heç bir aidiyyatı yoxdur.

- Sponsorun baş verənlərə - komandanın çıxışına və Cavid Hüseynovun açıqlamalarına münasibəti necədir?

- Dünənki açıqlama ilə bağlı hər hansı reaksiya yoxdur. Amma sponsorun nümayəndəsi də klubun bazasında idi. Cavid Hüseynovu gözlədiyimiz və baş tutmayan görüşdə o da iştirak etməli idi, o da gözləyirdi. Ümumilikdə isə komandanın sonuncu yerdə getməsinə görə narahatlıq, təbii ki, var. Heç bir sponsor istəməzdi ki, himayədarlıq etdiyi komanda çempionatda uğursuz çıxış etsin.

- Mövsüm ərzində ikinci baş məşqçini istefaya göndərirsiniz. Cavid Hüseynovla bağlı məsələdən sonra, düşünürsünüzmü ki, Şahin Diniyevi göndərməyiniz yanlış qərar idi?

- Şahin Diniyev özü istefa verdi. Burada bir az dəqiqləşdirməyə ehtiyac var. Diniyev 2024-cü il noyabrın 3-də - Premyer Liqanın XII turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzduğumuz oyundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.

- Yəni saxlamağa cəhd etdiniz, yoxsa məsələyə “gedəni saxlamazlar” prizmasından yanaşdınız?

- Şahin müəllimlə uzun müddət birgə çalışmışıq. Ona yalnız bu mövsüm yox, həm Müşahidə Şurasının üzvü kimi 2022/2023 mövsümünün yarısında komandanı qəbul edəndə, həm də icraçı direktor kimi sonrakı mövsüm ərzində maksimum dəstəyimi göstərmişəm. İş elə alındı ki, bu mövsüm nəticələr uğursuz oldu. Tovuz şəhər stadionundakı qarşılaşmadan sonra ayaqüstü söhbət etdik. Bildirdi ki, istefa vermək istəyir. Çünki gördü, nəticələr uğursuzdur, alınmır. Mən də heç bir etiraz etmədim.