BAKI, 17 mart. TELEQRAF

"Cavid Hüseynovun məhz mətbuat konfransında səsləndirdiyi fikirlərlə əlaqədar istefaya göndərilməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır".

Bunu Teleqraf-a açıqlamasında "Səbail" klubunun icraçı direktoru Firuz Abdulla deyib.

F.Abdulla Cavid Hüseynovun baş məşqçi vəzifəsindən kənarlaşdırılması ilə bağlı məsələyə belə aydınlıq gətirib: "Məsələlərin xronoloji ardıcıllığı var: Hələ XXV turda “Şamaxı”ya 0:2 hesabı ilə uduzduğumuz oyundan sonra Cavid Hüseynovla mənim aramda görüş olmuşdu. Ona bildirmişdim ki, artıq çempionatda elə vəziyyətdəyik ki, növbəti oyunlarda hətta heç-heçə də bizi qane etməyəcək. Qarşılaşlmalarda mütləq bu amil nəzərə alınmalıdır. Dolayısı ilə baş məşqçinin nəzərinə çatdırılmışdı ki, istənilən uğursuzluq klub rəhbərliyini radikal addımlar atmağa məcbur edəcək".

Klub rəsmisinin sözlərinə görə, o, ötən gün "Neftçi"yə 1:2 hesablı ev məğlubiyyəti ilə bitən XXVII tur oyunundan bir neçə dəqiqə sonra Cavid Hüseynovu nəticələri müzakirə etmək üçün dəvət edib. Hüseynov isə “Mətbuat konfransı bitsin, gələcəyəm, görüşərik” cavabını verib. Lakin 37 yaşlı mütəxəssis mətbuat konfransından sonra da görüşə gəlməyib: "Konfrans başa çatdı, həmin fikirlər səsləndirildi. Xeyli gözlədim, yenə gəlmədi. Sonra komandanın baş meneceri Nicat Zülfili vasitəsilə ondan məlumat almağa çalışdım ki, yubanmasının səbəbi nədir? Mənə məlumat verildi ki, Hüseynov artıq, bazanı tərk edib. Yəni, iki dəfə görüşə dəvət olunmasına, bizim onu gözləməyimizə baxmayaraq, bazadan çıxıb gedib. Belə olan təqdirdə, telefon vasitəsilə əlaqə saxladıq. Mənə "İndi əsəbiyəm, gəlin, sabah söbət edək”, - deyə absurd cavab verdi. Elementar korporativ etika deyilən şey var. Rəhbərlik səni dəvət edirsə, heç olmasa gəlib, “Xahiş edirəm, sabah danışaq” tipli açıqlama vermək olar".

İcraçı direktor bildirib ki, mətbuat konfransında o fikirləri səsləndirməsəydi belə, klub Cavid Hüseynovla yollarını ayırmaq fikrində olub. Çünki IV dövrə ərəfəsində "Səbail" özündən irəlidəki "Kəpəz"dən 5 xal geri qalaraq, sonuncu pillədə qərarlaşıb: "Bu halda hansısa köklü dəyişikliyə getmək məcburiyyətində idik. Çünki Cavid müəllim xeyli oyunda cəmi iki qələbə qazana bilib və bu nəticələr bizi qane etmir. Yenə qeyd edirəm, Cavid Hüseynovun istefaya göndərilməsi mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı deyil. Onsuz da “Neftçi” ilə oyunun nəticəsinə əsasən, baş məşqçinin istefaya göndərilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bu, birmənalı belədir və heç bir halda onun açıqlamaları ilə əlaqələndirilə bilməz. Amma məsələnin digər tərəfi də var ki, mətbuat konfransında klub barədə yanlış məlumatlar səsləndirib. O fikirlərə görə də baş məşqçinin istefaya göndərilməsində təəccüblü heç nə olmamalıdır".