
BAKI, 10 mart. TELEQRAF
Çində elektrik avtomobillərinin satışı ötən ilin fevral ayı ilə müqayisədə bu il kəskin artıb.
Teleqraf xəbər verir ki, Çin Sərnişin Avtomobil Assosiasiyasının məlumatına görə, bu ilin fevral ayında daxili bazarda 680 min elektrikli avtomobil alıcı taparkən, satılan avtomobillərin sayı bir əvvəlki ilə nisbətdə 79,7 faiz artıb.
"Yeni Enerji Vasitələri" adlandırılan bu elektrik avtomobillərinin satışlarının bu ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artaraq ,1,43 milyona çatacağı gözlənilir.
Fevralda həmin satışların ümumi avtomobil satışları içərisindəki payı 49,5 faiz olarkən, yerli istehsal elektrikli avtomobillərin satışlarındakı pay isə 70 faizə çatıb.
Ölkədə istehsal edilən və "Yeni Enerji Vasitələri" adlandırılan təkrar doldurulan, akkumulyatorlu, yanacaq elementli, elektrik və hibrid avtomobillərin sayının 2024-cü ildə 13 milyona çatacağı və ümumi qlobal istehsalın 60 faizini təşkil edəcəyi gözlənilir.