
SUMQAYIT, 10 mart. TELEQRAF
"Vacib oyunlardan biri idi, futbolçular bunu dərk edirdi".
Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis qələbəyə görə futbolçularını təbrik edib: "Son aylar çətin vəziyyətdə idik. Vacib oyunlardan biri idi, futbolçular bunu dərk edirdi. Gözəl oyun və 3 xala görə komandanı təbrik edirəm. Rəqibə gəldikdə, Azər Bağırov yaxşı komanda formalaşdırıb, ona uğurlar arzulayıram. İnanıram ki, bu mövsüm istədikləri nəticəni əldə edəcəklər".
O, komandasında birlik olduğunu deyib: "Gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürəndə də gənc idim. Bu vəziyyətə düşməlisənki, qalxmağı da biləsən. Özümdə bu gücün olduğuna inanıram, öz üzərimdə çalışmağa davam edəcəm, komanda da bunu dərk edir. Baxmayaraq ki, son oyunlar məğlub olurduq, qol vura bilmirdik, komandada birlik var idi. Başımızı aşağı salıb, az danışıb, növbəti oyunlara hazırlaşacayıq".
Vaqif Cavadov klub rəhbərliyinin ona inandığını bildirib: "Birincisi məşqçi işi elədir ki, hər an hazır olmalısan. İkincisi məşqçiyə inam olmalıdır. Rəhbərlik və komandamdan inam olduğu üçün bu günə kimi klubun sükanı arxasındayam".
Cavadov 11 oyunluq qolsuzluq seriyasını bitirmək üçün futbolçularının hər şey etdiyini bildirib: "Oyunçularımın fərqlənə bilməmələri narahat etdi-etmədi, biz ən azından hər oyunda qol vəziyyətləri yaradırıq. Sadəcə, imkanlardan yararlana bilmirdik. Bu gün bir neçəsini yaratdıq və onlardan istifadə etdik. Qol vurmaq və qələbə qazanmaq üçün hər şeyi etdik".
"Sumqayıt" komandasının rəhbəri oyunçularının üzərində basqı olduğunu vurğulayıb: "Neçə oyundur qol vura bilmirdik, üzərimizdə səhv etmək qorxusu, basqı var idi. Bunu dərk edirdik. Bugünkü oyunun hazırkı situasiyadan çıxmağımızda çox böyük rolunun olacağına inanıram".
O, "Sumqayıt"ın yeni transferlərinin komandaya uyğunlaşmasından danışıb: "Ronaldo Vaskezin zamana ehtiyacının olduğunu deyirdim. Hər oyunda şans verdik, yavaş-yavaş formasını yığır. Qısa müddətdə komandaya uyğunlaşmağa başladı. Həmçinin də Bobir Abduxolikov. Momo Yansanedə zədə olduğu üçün uyğunlaşma prosesi gec gedir. Amma ona da vaxt lazımdır. Hətta Casurbek Calollidinovu da nəzərə alsaq, dörd futbolçunun hər biri komanda üçün çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda bizə kömək edə biləcəklər".