SUMQAYIT, 10 mart. TELEQRAF

"Son 7-8 turda ən zəif oyun nümayiş etdirdik".

Teleqraf xəbər verir ki, bu sözləri “Kəpəz”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Sumqayıt”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol epizodlarından yararlana bilmədiklərini bildirib: "Qol vura bilməyəndə avtomatik olaraq pis duruma düşürük. Birinci hissədə epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. İkinci hissədə isə komandanın çıxışını ümumiyyətlə, bəyənmədim. Verdiyim tapşırıqlar icra olunmadı. Komandanın daxilində problem var, axtarıb tapacağıq".

Baş məşqçi "Sumqayıt"ın daha keyfiyyətli heyətə malik olduğunu deyib: "Sumqayıt"ın heyətində milli komandanın futbolçuları var, keyfiyyətli oyunçulara malikdilər. Ehtiyatda olanlar arasında Səbuhi Abdullazadə və Rövlan Muradov kimi adlar var".

O, komandasının psixoloji durumundan narazı olduğunu vurğulayıb: "Oyuna yanaşma tam fərqli olur. Bir futbolçunun oyununda arxayınlıq olub-olmadığı hiss olunur. Məşqçilərdən soruşmuşdum, mənə deyilmişdi ki, uşaqlar əladılar, oyuna kökləniblər. Bu gün sonuncu sıralarda olmağımızın səbəbi psixoloji durumu yüksək tuta bilməyimizdir".

Azər Bağırov indiyədək 11 oyuna qol vura bilməyən "Sumqayıt"dan 3 qol buraxmalarını belə şərh edib: "Hər bir məğlubiyyət təsir edir. Bu gün təbii ki, uduzmaq istəmirdik. Hər işdə bir xeyir var. Amma ümid edirəm ki, 4-cü dövrədə çox maraqlı oyunlar olacaq".