BAKI, 10 mart. TELEQRAF

Danimarka lazım gələrsə, sülhü qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lokke Rasmussen məlumat verib.

“Əgər söhbət atəşkəs və ya sülh razılaşması əldə etmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gəlirsə, o zaman Danimarka prinsipcə buna hazırdır”, - nazir bildirib.

Eyni zamanda, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, hər hansı konkret addımların atılması barədə qərar hələ qəbul edilməyib və hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamentinin slovakiyalı deputatı Lubos Blaha Qərbi Avropa ölkələrinin sülhməramlı kontingentinin Ukraynada mümkün yerləşdirilməsi ilə bağlı müzakirələri absurd adlandırmışdı.

Bununla belə, Avropa Parlamenti BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsinin mümkün olduğunu etiraf etmişdi.