BAKI, 9 mart. TELEQRAF

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında bu gün ilk medalçılar müəyyənləşib.

Teleqraf-ın məlumatına görə, Azərbaycan sərbəst güləşçiləri yarışa 2 gümüş və 2 bürünc medalla start verib.

Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib. O, axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kq) finalda Dünya Güləş Birliyini (UWW) təmsil edən rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Heybətov son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, o, ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kq) da finalda UWW bayrağı altında yarışan Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabıyla məğlub olan Cabbarov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün həm də Azərbaycanın 3 sərbəst güləşçisi - Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq) və Arseni Cioyev (86 kq) finala yüksəlib, Sadiq Mustafazadə (92 kq) bürünc medal uğrunda, Yusif Dursunov (125 kq) təsəlliverici qarşılaşmaya çıxacaq. Görüşlər martın 10-da keçiriləcək.