
BAKI, 8 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVl turun açılış oyununda “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı meydan sahibləri açıb. Naxçıvan təmsilçisinin braziliyalı hücumçusu Fellipe Santos 35-ci dəqiqədə komandasına qol sevincini yaşadıb. Ağdam klubunun oyunçusu Nəriman Axundzadə 44-cü dəqiqədə hesabı bərabərləşdirib.
"Qarabağ"ın portuqaliyalı oyunçusu Leandro Andrade 77-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. 90+6-cı dəqiqədə isə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib.
Bu görüşdə Andrade12-ci qolunu vuraraq, bombardirlər siyahısında liderliyini daha da möhkəmləndirib. Santos 10-cu və Axundzadə 8-ci qoluna imza atıb.
Səfər qələbəsindən sonra Ağdam təmsilçisi 63 xalla liderliyini daha da möhkəmləndirib. Naxçıvan komandası 46 xalla 3-cüdür.
Qeyd edək ki, turun digər oyunları 9-10 martda keçiriləcək. “Şamaxı” “Sabah”ı, “Zirə” “Səbail”i, “Sumqayıt” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qonaq edəcək.