BAKI, 8 mart. TELEQRAF

“Yaxşı komandaya məğlub olduq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis görüşü belə şərh edib: “Maraqlı oyunun şahidi olduq. Kuboka görə 4 gündən bir oynayırıq deyə, sıxıntılarımız var idi. Bu sıxıntını bizə meydanda hiss etdirməyən futbolçularıma təşəkkür edirəm. Bu oyunu unudub, qarşıdaki görüşlərə hazırlaşacağıq".

O, oyunun sonlarında baş vermiş dava haqqında da söz açıb: “Həmişə gördüyümü deməyə çalışmışam, heç kimdən çəkindiyim yoxdur. Bəzən dediklərimi səhv yozurlar. Həqiqəti həqiqət kimi göstərmək mütləqdir. Bizim 3 sarı vərəqəsi olan futbolçularımıza çox rahat şəkildə sarı vərəqə göstərirlər. Bu, uzun mövzüdur. Ümid edirəm ki, komanda olaraq, belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəlir ki, 20 nəfərin mübahisə etdiyi epizodda bir nəfəri günahkar çıxartdılar. Felipe Santosu belə sındıra biləcəklərini düşünürlərsə, buna çox təəssüf edirəm”.