
BAKI, 8 mart. TELEQRAF
“Baş verənlə bağlı bildiriləcək heç nə yoxdur”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis gərgin keçən matçı belə şərh edib: “Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Oyunun əvvəlindən aqressivlik vardı. İstəməzdim ki, belə hadisə yaşansın. Həddindən artıq xoşagəlməz ifadə işlətmək, əl-qol atmaq yaraşmır”.
Qurban Qurbanov Kadinin performansından və yeni transferlərdən də söz açıb: “Oyun keçdikcə təcrübəsi artır. Əlbəttə, başqa-başqa ölkələrdə iştirak etmək istənilən futbolçunun xeyrinədir. Dəyişiklik olur. Transferlər də ola bilər. Təəssüf ki, futbolçuların müqavilələri olur, istəfiyimiz vaxt gətirə bilmərik. Söz verə bilmərik ki, 3 və ya 5 transfer olacaq. Amma transferlər uyğun olduqca ediləcək. Komandaların sayı artacaq. Ola bilər, çempionat aktivləşsin. Maraqlı çempionat olacaq. Komanda sayı çox olsa da, əsası keyfiyyətdir”.
Qeyd edək ki, “Qarabağ” hazırda 63 xalla liderdir.