
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Teleqraf xəbər verir ki, müraciətdə respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşdığı qeyd olunub.
"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik" - deyə, müraciətdə qeyd olunur.