BAKI. 4 mart. TELEQRAF

Bu gün AFFA-nın inzibati binasında Region Liqasında yeni mövsümün püşkü atılıb.

Püşkatmadan sonra AFFA-nın Oyun əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov Teleqraf-a müsahibə verib:

- Əvvəlcə yeni mövsüm Region Liqasının formatı barədə məlumat verərdiniz...

- Bu il Region Liqasında 54 komanda iştirak edir. Komandalar 4 regiona - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, eləcə də Cənuba bölünüb. Həmçinin, 8 qrup mövcuddur. 1/8 final mərhələsinə qədər qruplarda mübarizə davam edəcək. Aprelin sonlarında qrup mərhələsinin son oyunlarının keçirilməsi planlaşdırılır. Sonra 1/8 final, 1/4 final, yarımfinal və final oyunları baş tutacaq. Region Liqasının qalibi birbaşa II Liqaya vəsiqə qazanır. İkinci yeri tutan komanda isə reqlamentə uyğun olaraq II Liqada 13-cü yeri tutan komanda ilə bir oyundan ibarət pley-off matçı keçirəcək. Ötən il çempionatda 40 komanda iştirak edirdi. Hazırda isə bu say 14 komandaya qədər artıb. Buna görə oyunların sayında da artım müşahidə olunacaq.

- Qeyd etdiniz ki, iki komanda çempionatda iştirakdan imtina edib. Bunun səbəbi nədir?

- AFFA olaraq, komandalara bütün lazımı inventarları təqdim edirik. Həmçinin, müəyyən maddi dəstək də göstəririk. Amma həmin klub qeyd etdi ki, çıxış etdiyi bölgədə dəstəyi yoxdur. Ona görə çempionatda çıxışını dayandırdı Digər komanda əvvəlcədən müəyyən olunmuş tarixə qədər qeydiyyatdan keçib. Lakin fevralın ortalarında rəsmi şəkildə imtina etdi. Əslində Şimal-Qərb zonasında 13 komandanın olacağı planlaşdırılırdı və sistem də bunun üzərində qurulmuşdu. Onlara görə bir qrupda komandaların sayı azaldı.

- Növbəti mövsüm II Liqaya 4 komandanın yüksəlməsi nə dərəcədə real görünür?

- Burada əsas olan 2025/2026 mövsümündə II Liqanın əsasnaməsi olacaq. Bir komanda mütləq yüksələcək. İkinci yeri tutan komanda isə reqlamentə uyğun olaraq II Liqada 13-cü yeri tutan komanda ilə bir oyundan ibarət pley-off matçı keçirəcək. Tələb olunacaqsa, PFL kriteriyalarına uyğun gələcəksə, əsasnaməyə uyğun olaraq 4 komandanın II Liqaya yüksəlməsi mümkündür.

- Bu məqamda cari mövsüm II Liqada mübarizə aparan bəzi komandaların intizamsızlığı nəzərə alınacaq?

- Bu, PFL-in cavab verəcəyi sualdır.

- Region Liqasına büdcə ayrılacaq?

- Biz komandaları formalarla təmin edirik. Həvəskar statuslu yarış olduğundan, iştirakçılar yalnız geyim və inventarlarla təmin olunacaqlar. Onlar da yerli İcra Hakimiyyəti və şirkətdən zəmanət məktubu verirlər ki, bu çempionatda sona qədər davam edəcəyik. Kriteriyalarımız zəmanət məktubu, stadiondur.