
BAKI, 5 mart. TELEQRAF
ABŞ-də yaşayan "evsiz" Kreyq Kastaldo 150 filmdə çəkilib və "Oskar" mükafatının təqdimetmə mərasimində iştirak edib.
Teleqraf xəbər verir ki, məlumatı "The Mirror" nəşri yayıb.
Boynundan asdığı radio ilə Nyu-York küçələrində gəzən Kreyk Kastaldo 300-dən çox filmdə və teleşoularda epizodik rollar ifa edib. Onu hətta "Radioman" adlandırıblar.
Kastaldo "Taksi sürücüsü", "Qodzilla" və "Bir zamanlar Amerikada" filmlərində çəkilib. Yeri gəlmişkən, o, rollarını sadəcə olaraq çəkiliş meydançasına baş çəkməsi sayəsində əldə edib.
Kastaldonu kino dünyasının talismanı və əfsanəsi adlandırırlar.
Onun həyatı kifayət qədər çətin keçib. 74 yaşlı aktyor Bruklində böyüyüb və Vyetnam müharibəsində vuruşub. Bundan sonra o, ABŞ poçt xidmətində işə düzəlib. O, eyni zamanda alkoqol aludəçiliyi ilə də mübarizə aparıb və psixiatrik xəstəxanada müalicə alıb. Kastaldo barəsində “Radioman” adlı sənədli film də çəkilib. Ekran əsərində Corc Kluni və Ceyms Qandolfini də çəkilib. Tom Henks isə Kastaldo haqqında belə deyib: “Radioçu bütün dünyada məşhurdur".
Beş il sonra həmin filmin prodüserü radiomanın çətin günlər yaşadığını bildirib. Kastaldonun on ildir yaşadığı bina söküldüyündən, o, küçədə qalmalı olub. Könüllülərin qurumunda qalan Kastaldo üçün pul da toplanılıb.
Bu ilin əvvəlində o, aktrisa Keti Holmsla söhbət edərkən görüntülənib. Kastaldo ona üzərində öz telefon nömrəsi və "Təşəkkür edirəm, Keti. Sevgilərlə" sözləri yazılmış zərf verib.