BAKI, 5 mart. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçic parlamentdə baş verən iğtişaşlara səbəb olan müxalifət üzvlərini cinayət məsuliyyətinə cəlb etmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkə başçısı Pink telekanalına bildirib.

Onun sözlərinə görə, xəsarət alan deputatlardan biri reanimasiyadadır: “Söhbət xuliqanlıq davranışından gedir. Məsuliyyət daşıyanlar öz əməllərinə görə cavab verənə qədər olayı nəzarətdə saxlayacağıq”.

Dövlət başçısı iddia edir ki, müxalifət nümayəndələri etirazları bilərəkdən radikallaşdırırlar.

***

23:05

Serbiya parlamentində qalamaqal baş verib.

Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, hökumətin siyasətinə etiraz edən müxalifət deputatları parlamentin iclasında pirotexniki vasitələr atıblar.

Məlumata görə, olay zamanı bəzi millət vəkilləri huşunu itirib, azı 3 nəfər yaralanıb. Başına yad əşya dəyən deputatlardan biri daha ciddi xəsarət alıb. Xəstəxanaya çadırılan parlamentarinin vəziyyətinin ağır olduğu bildiriir.

Xəbərdə bildirilir ki, öncə fikirləri haçalanan deputatlar arasında əlbəyaxa dava düşüb. Daha sonra müxaliflər tüstü və məşəl saçan vasitələri havaya buraxıblar. Cəmi bir neçə dəqiqə ərzində zalı tüstü bürüyüb, məşəllərə tuş gələn deputatlar xəsarət alıb.

Qeyd edək ki, hökumət əleyhinə etirazların davam etdiyi Serbiyada parlament üç aylıq fasilədən sonra ilk iclasını keçirirmiş.