BAKI, 3 mart. TELEQRAF

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker "Neftçi" və "Kəpəz" arasındakı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki mübahisəli epizodu şərh edib.

Teleqraf xəbər verir ki, belçikalı funksioner 58-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Bassalu Sambunun hərəkətinin qırmızı vərəqə ilə dəyərləndirilməsini doğru qərar adlandırıb.

"Sambu rəqibin cərimə meydançasına topla irəliləyərək, daxil olur, bu zaman “Kəpəz”in oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir", - deyə o bildirib.

De Blekerin fikrincə, müdafiəçinin ayağına tam təmas yox, sadəcə, yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi.

Qeyd edək ki, baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Bassalu Sambu bu gün AFFA İntizam Komitəsinin qərarı ilə 2 oyunluq cəzalanıb. "Ağ-qaralar" ilk oyunda da 2:0 hesablı qələbə qazandığı üçün yarımfinala yüksəlib. Sambu növbəti mərhələdə "Sabah" komandasına qarşı hər iki görüşü buraxmalı olacaq.