BAKI, 3 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə sıx dostluq münasibətlərinə malikdir.

Teleqraf xəbər verir ki, 63 yaşlı funksionerin Bakıya səfəri də məhz bunun sayəsində gerçəkləşib. Əhmədzadə Kataloniya klubunda heç bir vəzifə tutmur. Baxmayaraq ki, gördüyü işlər bir müddətdir vakant olan marketinq üzrə vitse-prezidentliyə uyğundur.

Bu vəzifəni son olaraq Juli Giu icra edib. O, 2024-cü ilin yanvarında Laporta ilə arasında yaranan fikir ayrılığına görə istefa verib.

Əhmədzadənin hazırda gördüyü iş "Barselona"da bu posta uyğun sayılır. Hər halda o, Kataloniya klubunun Azərbaycandan investisiya cəlb olunması prosesində əsas vasitəçidir. Laportanın Bakıya səfəri zamanı Azərbaycanda "Barselona" akademiyasının yaradılmasına dair razılıq əldə olunub.

Azərbaycanlı iş adamının marketinq məsələləri üzrə vitse-prezident vəzifəsinə təyinatı gerçəkləşərsə, o, "mavi-qırmızılar"ın rəhbərliyində ikinci ən yüksək postda çalışan qafqazlı olacaq.

Digər şəxs isə klubda uzun müddətdir fəaliyyət göstərən Manana Giorqadzedir. Giorqadze hazırda Laportanın kabinetinin rəhbəridir. İki şəxs arasında dostluq münasibətləri 33 ildir davam edir.

Laportanın Kataloniya klubundaki ikinci prezidentlik müddətində gürcü xanım bütün mühüm görüşlərdə və səfərlərdə iştirak edir.
"Giorqadze Laportanın yanında olmayanda Joan nəyinsə çatışmadığını, əks halda isə özünü hiss edir" - prezidentə yaxınlığı ilə bilinin ARA nəşri yazır. İnsayder əlavə edir: "Manana Qiorqadze məsləhətçidir, lakin heç vaxt özü böyük qərarlar qəbul etmir".

Onların dostluğu ilk olaraq Giorqadzenin Laportanın katibəsi olmasına gətirib çıxarıb. 2015-ci ilin oktyabrında isə "Kalkiama" daşınmaz əmlak şirkətinin inzibatçısı vəzifəsini tutublar. Giorqadzenin keçmiş həyat yoldaşı Giorgi Mikadze Laportanın ilk prezidentliyi dövründə matç və muzey biletlərinin satıldığı klub kassalarının işinə nəzarət edib. Maraqlıdır ki, Mikadze "Barsa"ya gəlməmişdən öncə narkotik alverinə görə həbs cəzası çəkmiş və şərti azadlığa buraxılmışdı. O, 2000-ci illərin əvvəllərində Kolumbiyadan Kataloniyaya paltar islatmaqla narkotik keçirən dəstənin üzvü idi. Mikadze və onun qruplaşmasının işi geyimdən qeyri-qanuni maddələr çıxarmaq olub. Onlar kimyəvi maddələrdən biri alovlandıqda və bütün laboratoriyaya yandıqdan sonra aşkar edilib.

Mikadze hazırda İsveçrədə yaşayır və bu yaxınlarda "El Triangle" nəşrinə verdiyi müsahibədə indiki biznesinin tamamilə qanuni olduğunu, keçmiş həyat yoldaşının özünün klubda işə düzəldiyini və bunun onunla heç bir əlaqəsinin olmadığını söyləyib.
Laporta Mananaya böyük etibar edir. Bütün vacib sənədlər prezidentə çatmazdan əvvəl onun əlindən keçir. "Barselona"nın rəhbəri ilə görüş təyin etmək istəyən hər kəs çox güman ki, "Manana ilə danış" ifadəsini eşidəcək. O, başqalarını Laportadan ayıran sonuncu "süzgəc"dir. "Joan onun intuisiyasını bəyənir" deyə insayder davam edir. “Manananın ağlında Laportadaki kimi yalnız "Barselona" var. Klub işçilərindən biri deyir: "Hər ikisi qədər təşkilatdakı mövcud vəziyyəti heç kim bilmir". O, həmçinin əlavə edir: "Giorqadze Laportanın "Barsa"dakı ilk dövründən bəri vəzifədə saxladığı yeganə icra orqanı üzvüdür".

"Barselona"nın baş direktoru Ferran Reverter 2022-ci ilin fevralında klubdan ayrıldıqdan sonra Giorqadze bu vəzifənin "bəzi tipik funksiyalarını" yerinə yetirir. Bununla belə, klubdan olan mənbələr ARA-ya bildirirlər ki, Reverterin yerinə ən yaxın şəxs korporativ məsələlər üzrə direktor Maribel Melendesdir. "Melendesin nəzarətində daha çox departament və daha çox icra orqanları var", - deyə bildirilir. Öz növbəsində, Giorqadze daha çox "Barsa"nın "institusional sferası"nda iştirak edir. O, Aleks Santosun rəhbərlik etdiyi Kommunikasiyalar Departamenti və Jordi Qomesin rəhbərlik etdiyi İnstitusional Əlaqələr Departamenti ilə həftəlik görüşlər keçirir. Bundan əlavə, yarana biləcək bəzi daxili münaqişələri həll edir. Bu zaman o, psixologiya və dilçilik üzrə biliklərini tətbiq edir.

Bununla belə, "Barsa"da onunla işləyən başqa bir şəxs Giorqadzeni "qərarları yerinə yetirən, ancaq uzaqdan" adlandırır. ARA nəşri Manananın profilini tərtib etmək üçün Laportaya və onun aparat rəhbərinə yaxın olan beş insayderin fikirlərini toplayıb. Onların hamısı bir məsələdə həmfikirdir: Xoanın klubda əsas sirdaşı Mananadır, çünki Giorqadzenin ona heç vaxt xəyanət etməyəcəyini bilir. O, Enrik Masip (məsləhətçi) və Rafa Yustedən (idman üzrə vitse-prezident və uşaqlıq dostu) daha çox ona güvənir" - mənbə məlumat verir. Yeri gəlmişkən, Masipin bu yaxınlarda prezidentlə problemi olub. Səbəb, Laportanın ətrafının izah etdiyi kimi, "Barselona" həndbol komandasının keçmiş kapitanının qadın futbolunun direktoru Şavyer Puçun işlərinə qarışaraq yanlışlıqlara yol verməsidir.

Giorqadze insayderlər tərəfindən əla peşəkar hesab edilsə də, Laportanın ikinci dövründə verdiyi müəyyən qərarlar klubda bəzi şəxslərin xoşuna gəlməyib. Səbəblərdən biri kluba öz qohumlarını işə götürməsidir. Onun qardaşı oğlu Beni Maqrelişvili prezident kabinetinin üzvüdür, qızlarından biri Paloma Mikadze isə Barselonada yerləşən "Rosa Klara" moda markasının sosial şəbəkə hesablarının cavabdehi olduqdan sonra klubun rəqəmsal strategiya direktoru vəzifəsini tutur. Paloma Mikadze sosial şəbəkə hesabında 53 000 izləyicisi olan influenserdir.

Manana Giorqadzenin klubdakı digər vəzifəsi Joan Laportanın "Kamp Nou" stadionunda oturduğu VIP loja üçün qonaqları seçmək, eləcə də institusional əlaqələr departamenti ilə işi koordinasiya etməkdir. Bununla belə, VIP lojanı tez-tez baş çəkənlərdən biri şikayətlənir: “Elə matçlar var ki, orada başlamazdan bir neçə saat əvvəl sizin üçün yer olub-olmayacağını hələ də bilmirsiniz”.

Digər tərəfdən, o, əlavə edir: "Orada baş verməməli olan şeylər olur, məsələn, ikinci hissə başlayanda qonaqlar keyterinqdən istifadə etdikləri üçün oturacaqlar demək olar ki, boş olur və ya oyunun bitməsinə 10 dəqiqə qalmış tərk edən qonaqlar olur".

Bu iki fakt, deyəsən, Laportanın sağ əli olan Manana Giorqadzenin diqqətindən yayınıb.