BAKI, 3 mart. TELEQRAF

"Həm biz, həm də “Səbail” elitada qalmaq üçün mübarizə aparacağıq".

Teleqraf xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis qələbəyə layiq olduqlarını bildirib: "Azarkeşlərimizə təşəkkür edirəm, bu gün bizi tək qoymadılar. Bu qələbəni haqq edirdik. “Səbail” qışdan sonra tək “Qarabağ”a məğlub olmuşdu. Oyunun əvvəlində rəqib yaxşı başlamışdı, 15-20 dəqiqədən sonra toparlandıq. İkinci hissədə yaxşı oynadıq. Hətta böyük hesablı qələbə də ola bilərdi. Həm biz, həm “Səbail” elitada qalmaq üçün mübarizə aparacağıq. Rəqibimizdən 6 xal irəli getdik. Bu gün müdafiədə yaxşı oynadıq. Üçüncü dövrənin sonuna qədər fərqi artıra da bilərdik. Ola bilər sonuncu yerə düşərik, amma qarşıda bir dövrə var. Bu gün sonuncu pillədə olan komanda sonradan yerini dəyişə bilər. Psixoloji cəhətdən bunu düşünmürük. Gələcək oyunlarda daha yaxşı nəticə qazanacağıq".

Ayxan Abbasov yeni təyin edilən kapitan haqda bunu deyib: "Adil Nağıyev getdikdən sonra komandada yeni kapitan olmalı idi. Leroy Mikels yaxşı seçimdir. Yerli futbolçulardan qapıçı Rafael Məhərrəmli də var".

Qeyd edək ki, "Şamaxı" bu qələbədən sonra xallarının sayını 24-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.