BAKI, 3 mart. TELEQRAF

“Məqsədimiz odur ki, xal ehtiyatımızı artıraq və bacardığımız qədər ilk “üçlük”də və ya “dördlük”də olan komandalara çataq. Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Murad Məmmədov deyib.

19 yaşlı sağ cinah yarımmüdafiəçisi evdə “Kəpəz”i 1:0 (ilk oyun - 2:0) hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü barədə danışıb: “Hava şəraiti oyunumuzu yaxşı aparmağa imkan vermədi. Buna baxmayaraq, vacib qələbə qazandıq. Bizə motivasiya üçün də mərhələni keçmək önəmli idi. Hər iki tərəf bunu istəyirdi. Rəqibin də ümidi kubok idi, onu əldən verdilər. Biz oyuna ciddi hazırlaşmışdıq. Diqqətimizi digər oyuna kökləyəcəyik”.

Məmmədov Premyer Liqanın növbəti turunda yenidən “sarı-göylər”ə qarşı səfər matçına da qələbə üçün yollanacaqlarını vurğulayıb: "Heç bir rəqibə hörmətsizlik etmir, bütün görüşlərə diqqətlə yanaşırıq. Kubok matçının digər hissəsi Tovuzda olacaq. Bizi “Kəpəz”ə qarşı vacib çempionat oyunu gözləyir. Qış fasiləsindən yaxşı qayıdaraq, xallar yığmağa başlamışıq. Ümid edirəm ki, daha yaxşı oyun və nəticələrlə azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz”in qonağı olacaq. Martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.