Bakı, 12 fevral. TELEQRAF
Azərbaycan I Liqasında XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” matçında qalmaqal baş verib.
Teleqraf-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, oyununun 75-ci dəqiqəsində qonaq komandanın həkimi Xəyal Alızadə və bundan sonra qapıçı Əli Kərimov Murad Səlimovun rəhbərlik etdiyi hakimlər briqadasını təhqir edib.
Alızadə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi ona 5 oyunluq cəza və 400 manat cərimə kəsib.
Kərimov isə qeyri-etik ifadə və hərəkətinin ardından birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. O, 4 oyunluq cəzaya, klubu 300 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, hesab 1:1 olduğu vaxt baş hakim "Qaradağ Lökbatan"ın qapısına penalti təyin edib. Buna ehtiyat oyunçular skamyasından etiraz edən Xəyal Alızadə birbaşa qırmızı vərəqə alıb. Gülağa Əsədov isə penaltini dəqiq yerinə yetirə bilməyib.
Oyunun davamında ehtiyat qapıçı Əli Kərimov komanda yoldaşının yerdə qalmasına görə sərt formada vərəqə tələb edib. Referi ona da qırmızı vərəqə göstərib. Kərimov bundan sonra hakimlərin ünvanına "Bəsdir də, kişi olun!" ifadələrini işlədib və meydandan çıxarkən plastik su qabına təpiklə zərbə endirib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1.