BAKI, 12 fevral. TELEQRAF

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin sədri Bahar Muradova Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının uğurla yekunlaşdığını, qəbul edilən qərarların bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdiyini qeyd edib.

B. Muradova qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 8 sənəd layihəsinin təsdiq edildiyini, Komitəyə müvafiq qurumlardan daxil olan 12 sənəd layihəsinə rəy və təkliflərin verildiyini, 31 fərman, dövlət proqramı, strategiya və milli fəaliyyət planının icra edildiyini, 4 müxtəlif mövzuda hesabat və təhlilin hazırlandığını bildirib.

B. Muradova Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər arasında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir, “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu, “Ailə-dəyişməyən dəyərimiz” mövzusunda Gənc Ailə Forumu haqqında ətraflı məlumat verib. “Ailəm könüllüləri” layihəsi, “Güclü cəmiyyətin zərif simaları”, “Sən tək deyilsən”, “Gənc Qızların Təhsilinə Dəstək”, “Çempion ailələr”, “Mənim hüquqlarım”adlı təşviqat avtobusu, “Uşaqdan-uşağa” kimi layihələr xüsusi vurğulanıb.

Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü il ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən 25354 nəfər bəhrələnib, 890 ailəyə səfərlər təşkil edilib və 10 “Açıq qapı” günü keçirilib. Ötən il Komitəyə 3628 vətəndaş müraciəti daxil olub, 12 region üzrə qəbullar keçirilib.

Məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqqında məlumat verən B. Muradova, ötən il ərzində bu istiqamətdə Komitəyə 594 müraciətin daxil olduğunu bildirib və əlavə edib ki, 2020-ci illə müqayisədə son 5 il ərzində məişət zorakılığı ilə bağlı daxil olan müraciət sayı 3,3 dəfə artmışdır.

Komitə rəsmisi vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, media nümayəndələri tərəfindən daxil olan 198 müraciətin təmin edildiyini, jurnalist və blogerlərin iştirakı ilə təlim proqramlarının, media turların təşkil edildiyini bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib. O, ötən il ərzində ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. R. Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və COP-29 konfransı, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər keçirilmiş, əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğat işi aparılmışdır. Komitə digər icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmiş və müvafiq sahə ilə bağlı qəbul olunmuş normativ-hüquqi aktların və dövlət proqramlarının icrasını əsas tutmuşdur.

Gündəlikdə duran birinci məsələ ilə bağlı münasibət bildirən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, gender məsul şəxslərin fəaliyyətinin gücləndirilməsinin və bələdiyyələrə yeni seçilmiş qadınlara istiqamətlənən təlimlərin keçirilməsinin və gender komissiyalarının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin birinciyarısı üçün qarşıda duran vəzifələrinə dair məlumat üzrə təqdimatla çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, ailələrin gücləndirilməsi və sağlam ailələrin formalaşmasına yönələn layihələr, qadın və uşaq hüquqlarının qorunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, uşaq iştirakçılığının artırılması, məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin təmin edilməsi və digər mühüm fəaliyyət istiqamətləri üzrə görüləcək işləri diqqətə çatdırıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın Komitə yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxışı dinlənilib. O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 30 iyul 2024-cü ildə təsdiqlənmişdir. Qrupların fəaliyyət istiqamətləri isəməişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinqin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunmasıdır.

Məruzələrdən sonra müzakirələr aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.

Yekunda çıxış edən Bahar Muradova, cari il ərzində də yeni istiqamətlərin müəyyənləşdirilərək, mühüm tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Hesabatı