BAKI, 12 fevral. TELEQRAF

“Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik”.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Somali prezidenti ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

Ölkə başçısı bildirib ki, bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.