![](https://teleqraf.az/storage/2025/02/12/715x378/qocalar.jpg)
BAKI,12 fevral. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2050-ci ilə qədər dünya əhalisinin 22%-nin 60 yaşdan yuxarı olacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, hazırda bu göstərici təxminən 10%-ə çatıb və hər keçən il artmaqdadır. Belə ki, 2020-ci ildə 60 yaşdan yuxarı insanların sayı, 5 yaşa qədər olan uşaqların sayını ilk dəfə üstələyib. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin sayı 9 milyard 700 milyon nəfərə çatacaq, bunun da 2 milyarddan çoxu 60 yaş və daha yuxarı olan insanlar olacaq. Bu qrupda 80 yaşdan yuxarı olanların sayı isə 430 milyon nəfərdən çox olacaq.
İnkişaf etmiş ölkələrdə yaşlı əhalinin artması artıq nəzərə çarpır. Xüsusilə, Avropa və Asiya ölkələrində bu proses daha sürətlə baş verir. Lakin yaxın gələcəkdə yaşlı əhalinin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayacaq və bu ölkələr dünya üzrə 60 yaşdan yuxarı olanların 70%-nə ev sahibliyi edəcək.
Qeyd edək ki, BMT, 2021-2030 illəri "Sağlam Yaşlanma Onilliyi" elan edib.Yaşlı insanların, onların ailələrinin və icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin təşkilində aparıcı rol Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) həvalə olunub.