BAKI, 12 fevral. TELEQRAF
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Ramin İsmayılov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Nuridə Seyidova və Aynur Bayramovanı tanıyıb.
Zərərçəkmişin sözlərinə görə, talassemiya xəstəsi olan övladının əvvəlcə Azərbaycanda, sonra isə Türkiyədə əməliyyat olunması üçün müraciət edib: "Türkiyədə Həmidə Tağıyeva bildirdi ki, onların Azərbaycanda nümayəndələri Aynur Bayramovadır, onun vasitəsi ilə qan nümunələri göndərək. Aynur Bayramova ilə əlaqə saxladım. Dedi, əlində nə qədər pul varsa gətir, sənə kömək edək. Mən də danışdığımız kimi 15 min dolları onlara verdim. Dedilər ki, əməliyyatın qalan xərcini sponsor qarşılayacaq. Sonradan "Çinar Plaza"da Nuridə Seyidova ilə görüşdüm. Dedilər ki, iki aya məsələ həll olunacaq. Sonradan bildim ki, bunlar dələduzluq ediblər".
Nuridə Seyidova pulu aldığını etiraf edib. Onun sözlərinə görə, pulun 10 min dolları Aynur Bayramovaya, 5 mini isə özünə çatıb.
Aynur Bayramova bildirib ki, puldan xəbəri olmayıb: "Mən heç bir valdeyndən pul götürməmişəm. Vicdan əzabi çəkirəm ki, Nuridə Seyidovanı valideynlərlə tanış etmişəm".
Ramin İsmayılov qeyd edib ki, ona dəymiş ziyan ödənilməyib. O, təqsirləndirilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.
Daha sonra zərərçəkmiş Sevinc Səmədova ifadə verib. O bildirib ki, həyat yoldaşı Ramin Səmədov xəstəlikdən əziyyət çəkib: "Serroz xəstəsi idi. 2023-cü ildə rəhmətə getdi. Həkimi gömrük xəstəxanasının həkimi Mircəlal həkim idi. Mənə Ayselin nömrəsini verdi, dedi ki, sizə köməklik edəcək. Biz də Aysel xanımla əlaqə saxladıq. Bizə dedi ki, 45 min deyillərsə, onun yarısını verərsiz. Həmin dövrdə biz də pul yox idi. Şirkətə rəhmətlik qayınatam və qayınanam ilə birlikdə yaxınlaşdıq. Bizim pulumuzun olmadığını, endirim olmasını istədik. Aysel xanım dedi ki, endirim olmayacaq. Həmin vaxt orada başqa adamlar da var idi. Onlardan biri müalicə olması ilə bağlı təşəkkür edirdilər. Mən inansam da, işində tərəddüd edirdim. Sonra oradan yenə Mircəlal doktorun yanına gəldik. Ona tərəddüd etdiyimi dedim. Bu zaman Mircəlal doktor tərəddüd etməyimlə bağlı əsəbləşdi. Dedi ki, onlar etibarlıdırlar, biz orada necə nəfərin əməliyyatında iştirak etmişik".
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin yanvar ayında Aysel Məmmədovaya 22 min 500 manat verib. Onun sözlərinə görə, əri əməliyyat olunmayıb, həmin ilin avqustun 23-də vəfat edib. Zərərçəkmiş bildirib ki, Aysel Məmmədovanın anası və ailəsinin digər üzvləri tərəfindən hissə-hissə ona 15 min 500 manat geri qaytarıblar. O, qalan pulu Aysel Məmmədova və onun müdiri Nuridə Seyidovadan tələb edir. Zərərçəkmiş bildirib ki, Mircəlal həkim onları xeyriyyəçi kimi təqdim edib. Zərərçəkmiş deyib ki, orada 5 nəfərin şirkət tərəfindən əməliyyatın həyata keçirdiyini eşidib.
Hakim "niyə dövlət xəstəxanası xəstələri sizə göndərirdi" sualına Aysel Məmmədova belə cavab verib: "Klinikanın şirkətlə müqaviləsi var idi.
Nuridə Seyidova bildirib ki, zərərçəkmiş Sevinc Səmədovanın tanımadığı, ondan pul götürmədiyini deyib. O bildirib ki, 22 min 500 manat ona çatmayıb, ödənişi kim götürübsə, pul da ona çatıb. Nuridə Seyidova onu da bildirib ki, şirkət əməliyyatların pulunu 50/50-yə işləyiblər.
Daha sonra zərərçəkmiş qismində Aytəkin İsayeva ifadə verib: "Nuridə Seyidovanı sosial şəbəkə vasitəsi ilə tanımışam. Yazmışdı ki, xəstəliklə bağlı müalicə almaq istəyənlərə kömək edəcək. Mən də onunla görüşdüm. Mən böyrək xəstəsiyəm. Əməliyyat üçün 19 min manat verdim. Elə vəziyyətdəydik ki, nə desəydilər, inanırdım".
Nuridə Seyidova bildirib ki, Aytəkin İsayevanı qızı Mehriban vasitəsi ilə tanıyıb: "Deyir ki, ona 19 min borcumuz var. Amma bizim müqaviləmiz durur, bizə 6 min manat verib. İndi iddia eləməklə deyil ki? Sübutlar var".
Zərərçəkmiş Elxan Əliyev bildirib ki, təqsirləndirilən Nuridə Seyidova ilə xəstə oğluna görə tanış olub: "Oğlumun sənədlərini ora-bura göndərirdik ki, harada şəfa tapa bilər. Axtarış nəticəsində bu şirkətlə rastlaşdıq. Nuridə xanımla danışdıq. Bizim 12 min 500 dollarımız var idi. Dedi, bu məbləğ azdır. 22 min dollar istədi. Vəd verdi ki, bir ay müddətinə məsələ həll olunacaq".
Məhkəmədə Aynur Bayramovanın səhhəti pisləşib, həkim çağırılıb. O, hakimə müraciət edib və deyib ki, vəziyyəti ağırdır: "Müalicə olunmağım üçün içəridə şərait yoxdur. Böyrək xəstəsiyəm, qadınlığım yoxdur. Əməliyyata ehtiyacım var".
Növbəti proses fevralın 19-da davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.