BAKI, 12 fevral. TELEQRAF

“Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Yeni Klinikaya ilkin mərhələdə yüngül xəsarət alanlar gətirildi. Daha üç ağır və reanimasiya şəraitində müalicə alan xəstəmizin Bakıya daşınması üçün hava nəqliyyatı və xüsusi həkim dəstəyinə ehtiyac var idi”.

Teleqraf xəbər verir ki, bunu Yeni Klinikanın Reanimasiya şöbəsinin anestezioloqu, reanimotoloq İsmayıl Əliyev deyib.

O zaman Aktauya ezam olunmuş həkim qrupunun içərisində yer alan İsmayıl Əliyev orada baş verənləri belə izah edir:

"Bir qrup həkim Aktauya ezam olunduq. Ora çatanda üç xəstədən birinin durumu orta ağır idi və süni tənəffüs cihazına bağlanmışdı. Həkimlər onu aparatdan ayırıb-ayırmamaqla bağlı tərəddüd edirdilər. Biz müdaxilə edəndən sonra həmin xəstənin süni tənəffüs aparatından ayrılmış şəkildə Bakıya gətirilməsinə nail olduq. Digər iki ağır xəstəni isə xüsusi cihazlarla təmin olunmuş təyyarə vasitəsilə gətirdik. Şükürlər olsun ki, hər üç xəstənin reanimasiyada müalicələri başa çatıb. Onlardan ikisi ambulator müalicə üçün evə buraxılıb, yalnız birinin stasionarda müalicəsi davam etdirilir".

Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir. 1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.