BAKI, 5 avqust. TELEQRAF
Son dövrlərdə, xüsusilə yeniyetmələr arasında dənizdə boğulma halları artmaqdadır. Bu il Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyitinin aşkarlanması vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.
Əksər Avropa ölkələrində üzgüçülük və suda təhlükəsizlik üzrə dərslər məktəb proqramına daxil edilib. Azərbaycanda isə bu təcrübə yalnız bəzi özəl təhsil müəssisələrində tətbiq olunur.
Dövlət məktəblərində üzgüçülük dərslərinin tədrisinə ehtiyac varmı?
Mövzu ilə bağlı Teleqraf-ın suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev məktəblərdə üzgüçülük bacarıqlarının öyrədilməsinə ehtiyac olduğu qənaətindədir.
“Avropa ölkələrində təkcə üzgüçülüklə deyil, suda boğulma halları və həyat təhlükəsizliyi ilə bağlı müxtəlif istiqamətlər üzrə orta məktəblərdə təlim və seminarlar keçirilir. Bu istiqamətdə xüsusilə qeyri-hökumət təşkilatları aktiv fəaliyyət göstərirlər. Belə ki, müvafiq maliyyə vəsaiti ayrılır və QHT-lərin təşəbbüsü ilə məktəblərdə yalnız suda boğulma halları deyil, yol-nəqliyyat təhlükəsizliyi, gündəlik həyatda düzgün davranış qaydaları və digər mühüm mövzularla bağlı maarifləndirici təlimlər təşkil olunur".

Tədris proqramında nələr çatışmır?
Ekspert Azərbaycanda bu istiqamətdə qeyri-hökumət təşkilatlarının işini məqbul hesab etmir.
"Məktəblərdə "Həyat bilgisi" fənni tədris olunur. Təəssüf ki, bu fənn çərçivəsində sözügedən mövzular arzuolunan səviyyədə öz əksini tapmır. Şagirdlər suda boğulma təhlükəsi, yol-nəqliyyat hadisələri zamanı davranış qaydaları, eləcə də gündəlik həyatda qarşılaşa biləcəkləri müxtəlif vəziyyətlər barədə daha ətraflı məlumatlandırılmalıdırlar. Məsələn, dərs proqramına bu mövzularla bağlı maarifləndirici videoların və materialların daxil edilməsi, eləcə də mütəxəssislərin və aidiyyəti qurumların iştirakı ilə məktəblərdə seminar və konfransların, qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə təlimlərin keçirilməsi məqsədəuyğun olardı.
Uzun illərdir ki, məktəblilərin yol-nəqliyyat hadisələrində həlak olması, müxtəlif xəsarətlər alması, suda boğulmaları ilə tez-tez qarşılaşırıq. Ona görə hesab edirəm ki, bu istiqamətdə müvafiq tədbirlərin görülməsi zəruridir”.

Məktəb hovuzlarından əlavə gəlir mənbəyi kimi istifadə olunur?
Təhsil eksperti Məzahir Məmmədli də məktəblərdə üzgüçülük və suda təhlükəsizlik üzrə maarifləndirmə işlərinin sistemli şəkildə aparılması üçün xüsusi proqramların hazırlanmasının vacibliyini vurğulayıb:
“Məktəblərdə üzgüçülük və suda təhlükəsizliklə bağlı xüsusi dərslər və ya təlimlər təşkil oluna bilər. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə üzrə xüsusi qrupları məktəblərlə əməkdaşlıq edərək dərsdənkənar təlimlər keçirə və ya həftədə bir saat olmaqla şagirdləri təlimatlandıra bilərlər. Bu cür tədbirlər mütləq müsbət nəticə verər.
Boğulma hallarının səbəbi təkcə üzməyi bilməmək deyil. İnsanlar bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dərin və ya güclü su axını olan ərazilərə daxil olurlar. Buna görə də şagirdlərə yalnız üzməyi deyil, eyni zamanda təhlükəli vəziyyətlərdən necə xilas olmağı da öyrətmək lazımdır.
Sevindirici haldır ki, son illər tikilən bəzi ümumtəhsil məktəblərində üzgüçülük hovuzları yaradılıb. Ancaq təəssüf ki, bəzi hallarda bu hovuzlardan tədris məqsədilə deyil, əlavə gəlir mənbəyi kimi istifadə olunur. Halbuki həmin hovuzlarda ilk növbədə məktəbin şagirdləri üçün üzgüçülük və suda təhlükəsizlik üzrə təlimlər keçirilməli, eyni zamanda hovuzu olmayan yaxın məktəblərin şagirdləri də həftədə ən azı bir dəfə bu təlimlərə cəlb olunmalıdır".
Ekspertin fikrincə, yay mövsümündə məktəblilər arasında boğulma hallarının artması dövlət qurumlarının və Elm və Təhsil Nazirliyinin bu sahədə birgə layihələr hazırlamasını, qrant müsabiqələri elan etməsini və vahid bir sistemli proqramın qurulmasını zəruri edir.
"Dərs proqramına hər mövzunu daxil edə bilmərik"
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə mövzuya bir qədər fərqli yanaşaraq bildirib ki, hər aktual problemi tədris proqramına daxil etmək mümkün deyil:
“Biz dərs proqramına hər şeyi əlavə edə bilmərik. Çünki proqramda hər mövzuya geniş yer verilməsi ümumilikdə tədris prosesini ciddi şəkildə çətinləşdirə və poza bilər. Buna görə də bu kimi məsələlərdə tələsmək doğru deyil.
Bu problemin əsas çıxış yollarından biri davamlı maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır. Məktəblərdə şagirdlərə ümumi bilik və məlumatlar verilə bilər. Lakin məsələni ayrıca dərs proqramına daxil etməkdən daha çox, gənclərin özlərinin diqqətli və məsuliyyətli davranması, təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir. Eyni zamanda, ailələr də bu məsələdə övladlarına ciddi nəzarət etməlidirlər ki, belə faciəli hadisələr tez-tez baş verməsin”.

"Məktəblərdə üzgüçülük dərslərinin tətbiqi perspektivli təşəbbüsdür"
Deputat Mehriban Vəliyeva məktəblərdə üzgüçülük və suda təhlükəsizlik dərslərinin tədris proqramına daxil edilməsi məsələsinin artıq yalnız idman və ya fiziki inkişaf mövzusu olmadığını, birbaşa insan həyatının qorunmasına xidmət etdiyini bildirib:
"Avropa dövlətlərində üzgüçülük bacarıqları ümumi təhsilin vacib komponentlərindən biri hesab olunur. Şagirdlərə erkən yaşlardan üzmə bacarıqları ilə yanaşı, suda davranış qaydaları, təhlükə zamanı düzgün qərarvermə, ilk yardım elementləri və xilasetmə prinsipləri də öyrədilir. Bu yanaşma nəticəsində həmin ölkələrdə boğulma hallarının azalmasına, uşaqlarda təhlükəsizlik mədəniyyətinin formalaşmasına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verilir.
Azərbaycanda da son illər vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Bu sahədə Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyətləri və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq məktəblərdə maarifləndirici görüşlər, təhlükəsizlik təlimləri, praktiki məşğələlər və müxtəlif layihələr təşkil edilir. Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, yay mövsümü ərəfəsində ictimaiyyətə ünvanlanan xəbərdarlıqlar, xilasedici xidmətlərin gücləndirilməsi və çimərliklərdə təhlükəsizlik tədbirlərinin artırılması xüsusi qeyd olunmalıdır. Lakin mövcud vəziyyət göstərir ki, maarifləndirmə tədbirlərinin daha sistemli xarakter alması və məktəb proqramlarında suda təhlükəsizlik üzrə biliklərin genişləndirilməsi günün aktual tələblərindən biridir".
M.Vəliyeva vurğulayıb ki, burada əsas məqsəd bütün məktəblərdə dərhal üzgüçülük hovuzlarının yaradılması deyil:
"Daha real yanaşma mövcud idman kompleksləri, olimpiya mərkəzləri, bələdiyyə və özəl hovuzlarla əməkdaşlıq mexanizmlərinin qurulması, pilot layihələrin həyata keçirilməsi və imkanlar genişləndikcə proqramın mərhələli şəkildə tətbiq edilməsidir. Bununla yanaşı, nəzəri dərslər vasitəsilə şagirdlərə su hövzələrində təhlükəsiz davranış qaydalarının öyrədilməsi də mühüm əhəmiyyət kəsb edir. Lakin bu məsələdə bütün məsuliyyəti yalnız dövlət qurumlarının üzərinə qoymaq düzgün olmaz. Uşaqların təhlükəsizliyinin təmin edilməsində valideynlərin rolu həlledicidir. Valideynlər uşaqları erkən yaşlardan üzgüçülük məşğələlərinə cəlb etməyə çalışmalı, onları su hövzələrinə apararkən nəzarətsiz buraxmamalı, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməlidirlər. Təcrübə göstərir ki, boğulma hadisələrinin əksəriyyəti məhz nəzarətsizlik və ehtiyatsızlıq nəticəsində baş verir.
Məktəblərdə üzgüçülük və suda təhlükəsizlik üzrə dərslərin mərhələli şəkildə tətbiqi perspektivli təşəbbüs kimi qiymətləndirilə bilər. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti, ictimai maarifləndirmənin genişləndirilməsi, eləcə də valideyn məsuliyyətinin artırılması mühüm əhəmiyyət daşıyır. Çünki hər bir xilas edilən həyat görülən qabaqlayıcı tədbirlərin ən qiymətli nəticəsidir və uşaqların təhlükəsizliyi cəmiyyətin ortaq məsuliyyətidir".