BAKI, 20 sentyabr. TELEQRAF

Supertankerlərin çatışmazlığı fonunda neftin dəniz yolu ilə daşınmasının qiyməti kəskin artıb. Bəzi marşrutlarda fraxt xərcləri üç dəfə yüksəlib və, məsələn, Hyustondan Asiyaya neft daşınmasının qiyməti bir barel üçün təxminən 26 dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, neft daşımalarının bahalaşması bəzi uzaq məsafəli tədarükləri iqtisadi baxımdan əlverişsiz edib. Buna səbəb istifadə üçün əlçatan supertankerlərin çatışmazlığıdır. Bəzi regionlarda fraxt üçün demək olar ki, boş gəmi qalmayıb.

Brokerlər və bazar iştirakçıları belə supertanker çatışmazlığı ilə daha əvvəl qarşılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, ayrı-ayrı regionlarda sərbəst gəmilərin sayı demək olar ki, sıfıra enib.

“Trafigura” şirkətinin baş iqtisadçısı Səad Rəhim bildirib ki, neftin daşınması heç vaxt indiki qədər baha olmayıb və logistika neft bazarında getdikcə daha mühüm amilə çevrilir.

Qeyd olunur ki, fraxt qiymətlərinin artması artıq neftin tədarük istiqamətlərinə təsir göstərir. “Vortexa”nın məlumatına görə, son həftələrdə ABŞ-dən Asiyaya neft daşınmasının həcmi fraxt qiymətlərinin təxminən üç dəfə artması fonunda azalıb.