BAKI, 11 sentyabr. TELEQRAF

“İmtahanlarda bəzən yazmağı, oxumağı bacarmayan şagirdlərlə qarşılaşırıq. Aşkar etdiyimiz bu kimi faktları Elm və Təhsil Nazirliyinə mütəmadi göndəririk".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında bildirib.

O qeyd edib ki, 30 il ərzində keçirilən hər imtahandan sonra müxtəlif elmi-statistik təhlillər aparılır. Lakin bu təhlillər zamanı əlimizdə olan nəticə ancaq rəqəmlər olur.

"Biz həmin uşaqları şəxsən tanımırıq və tədris prosesində birbaşa iştirak etmirik. Yalnız imtahandan sonra əldə olunan nəticələri təhlil edirik və həmin rəqəmləri ictimaiyyətə çatdırırıq. Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır. Psixometrik testlər aparılmalıdır ki, əvvəlcədən müəyyən qədər proqnoz vermək mümkün olsun. Eyni zamanda müəllim sinfi yaxşı tanımalı, orada hansı potensialda uşaqların olduğunu mütləq bilməlidir", - M.Abbaszadə vurğulayıb.