BAKI, 15 sentyabr. TELEQRAF
“Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır. Park 2016-cı ildə cənab Prezidentin sərəncamı əsasında yaradılıb. Həmin sərəncamda da qeyd olunduğu kimi, texnoparkın məqsədi iqtisadiyyatın davamlı inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, elmin, təhsilin və sənayenin bir araya gətirilməsinə xidmət etməkdir”.
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov “SABAH. City”də təşkil olunan mediatur zamanı bildirib.
N. Məcidov qeyd edib ki, bu məqsədlərə xidmət etmək üçün texnoparkın bazasında “SABAH City” innovasiya şəhərciyi layihələndirilib:
“Bu innovasiya şəhərciyində 125 min kvadratmetrlik infrastruktur yaradılacaq.
Bunu ona görə həyata keçiririk ki, ölkənin aparıcı texnoloji və innovativ şirkətlərini, aparıcı təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını bir araya gətirərək onlar arasında sinerji yaradaq”, - o qeyd edib.