BAKI, 15 sentyabr. TELEQRAF

“ASAN AI süni intellekt innovasiyaları, tədqiqatçıları və əməkdaşlığı bir araya gətirən platformadır”.

Teleqraf xəbər verir ki, bunu ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova “SABAH.city”də təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, ASAN AI platforması vasitəsilə dövlət qurumları və özəl şirkətlər çağırış formasında öz problemlərini yerləşdirə bilərlər.

“ASAN AI-nin SABAH.city-də fəaliyyətə başlamasının platforma üçün yeni mərhələdir. Platformanın əsas məqsədi dövlət və özəl qurumları, universitetləri, tədqiqatçıları və startapları vahid ekosistemdə birləşdirərək real problemlərə süni intellekt əsaslı həllərin hazırlanmasını və tətbiqini sürətləndirməkdir.

Bu günədək platformada 50-yə yaxın süni intellekt həlli təqdim olunub. Platformada 20-dən çox qurumun 60-dan çox onlayn təlim proqramı təqdim olunur. Tədqiqata dəstək vermək məqsədilə 22 tədqiqatçıdan ibarət şəbəkəmiz var. Xarici ekspertlərlə birlikdə, onların elmi rəhbərliyi altında yeni elmi məqalələrin hazırlanmasında iştirak edirlər”, - Ləman İbrahimova qeyd edib.