BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ nümayəndələrinin Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparacağını ehtimal edir.

Teleqraf xəbər verir ki, konqresmen bu barədə “Fox News” telekanalının efirində danışıb.

Lunanın sözlərinə görə, sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək görüşlər zamanı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri İranla yanaşı, Rusiya və Ukrayna nümayəndələri ilə də danışıqlar apara bilərlər.

Konqresmen Tramp administrasiyasının müxtəlif istiqamətlərdə apardığı danışıqların dəstəklənməsinə çağırıb.

Qeyd edək ki, ABŞ administrasiyası son həftələr Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məqsədilə diplomatik təmasları intensivləşdirib. Sentyabrın əvvəlində ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.

BMT Baş Assambleyasının yüksək səviyyəli ümumi siyasi müzakirələri sentyabrın 22-26-da və 28-də Nyu-Yorkda keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.