GƏNCƏ, 20 sentyabr. TELEQRAF
“Köhnə “Kəpəz”i dirçəltmək həm maliyyə, həm də güvən baxımından çox ağırdır. Daha yuxarı pillələrə qalxmaq və çempionluğa çatmaq üçün zamana ehtiyacımız var. Dörd tur ərzində 7 xal bizim üçün yaxşı nəticədir.”
Teleqraf xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”la doğma meydanda 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qarşılaşma barədə fikirlərini bölüşüb:
“Bu gün oyundan əvvəl də futbolçulara demişəm ki, gəncəli azarkeşlər oyundan həzz alsın. İlk vaxtlar komandamda həyəcan vardı. Bəzi futbolçular indiyə qədər belə oyunlar görməmişdi. Ancaq hər oyundan sonra buna alışırlar.
Milli fasilədə bəzi çatışmazlıqları aradan qaldıracağıq. Çalışacağıq ki, fasilədən sonra yaxşı oyunumuzla uğurlu nəticələr qazanmağa davam edək”.
O, rəqib baş məşqçinin stadionda yaşanan bəzi narazılıqlarına da cavab verib:
“Mən də istəməzdim bu fit verilsin. Bu amil bizim futbolçulara da təsir edir. Minlərlə azarkeşin arasından həmin fitin sahibini tapmaq da çətindir. Düşünürəm, burada qeyri-adi hal yoxdur”.