BAKI, 16 sentyabr. TELEQRAF
“Bu universitet iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əlaqələrimizin yeni strateji mərhələyə keçməsinin bir təzahürüdür”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Bilik günü” tədbirində universitetinin rektoru, Nəcibə Nəsibova deyib.
Rektor vurğulayıb ki, Türkiyə-Azərbaycan Universiteti bizim əsrlərə söykənən məhz bu tarixi qardaşlığın, qarşılıqlı etimadın, ortaq gələcəyə baxışın təhsil sahəsindəki bariz nümunəsidir:
“İki dövlət başçısının təşəbbüsü ilə yaradılan Türkiyə-Azərbaycan Universiteti bizim Azərbaycan gənclərinə çox böyük imkanlar yaradır. Onlar ölkə xaricinə çıxmadan öz ölkəmizdə Türkiyənin nüfuzlu universitetlərinin akademik imkanlarından yararlanmaq, Orta Doğu Texnik, İstanbul Texnik, Hacıtəpə kimi tanınmış universitetlərin professor-müəllim heyətindən dərs alaraq müasir təhsil və elmi mühitdə yetişmək üçün bütün imkanlara, yolları açıqdır.
Bu, bizim gənclərimiz üçün həqiqətən də böyük və dəyərli bir fürsətdir. Amma onların da yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün bizim üzərimizə düşən böyük bir məsuliyyətdir”.
Nəcibə Nəsibova vurğulayıb ki, Türkiyə-Azərbaycan Universitetinin də əsas məqsədi sadəcə yüksək ixtisaslı kadr yetişdirmək deyil, eyni zamanda Azərbaycanımızın gələcəyini formalaşdıracaq güclü insan kapitalı yaratmaqdır.