XOCALI, 15 sentyabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndində 34 ildən sonra ilk dərs günü başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, işğaldan azad olunan kənddə şagirdlər əsaslı təmir olunan məktəbdə təhsilə başlayıblar.

Məktəbdə 200-ə qədər şagirdin təhsil alması gözlənilir. Kəndə köç prosesi davam etdikcə bu sayın artacağı bildirilir. Şagirdlərin keyfiyyətli təhsil alması üçün təhsil ocağında müasir tələblərə uyğun fənn kabinetləri yaradılıb və məktəb müasir avadanlıqlarla təmin edilib. Bununla da 34 ildən sonra Təzəbinə kəndində məktəb həyatı yenidən canlanıb.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kənd məktəbində və Ağdərə rayonunun Aşağı Oratağ kənd məktəbində də ilk dərs günü başlayıb.