BAKI, 16 sentyabr. TELEQRAF

“Türkiyə-Azərbaycan münasibətləri dövlət başçılarımızın güclü dəstəyi ilə bu gün tarixinin ən əhatəli dövrlərindən birini yaşayır. Münasibətlərimiz siyasət və diplomatiyadan müdafiə sənayesinə, enerjidən nəqliyyata, ticarətdən mədəniyyətə qədər çox geniş spektri əhatə edir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Bilik günü” tədbirində Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan deyib.

O bildirib ki, bu universitetin çətiri altında Türkiyənin və Azərbaycanın akademik potensialının bir araya gəlməsi son dərəcə əhəmiyyətlidir:

“Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə birləşməsi bizə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda ortaq bilik istehsal etmək imkanları qazandırır.

Məktəbəqədər təhsildən ibtidai təhsilə, orta təhsildən ali təhsilə qədər uzanan geniş bir təhsil ekosistemi mövcudur”.