BAKI, 16 sentyabr. TELEQRAF
Yeni tədris ilində Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Universitetində Bilik Günü ilə bağlı tədbirdə Universitetin Tədris şöbəsinin müdiri Günel Teymurova məlumat verib.
O bildirib ki, onlardan 115 nəfəri bu il qəbul olunan tələbələrdir:
“Ötən illə müqayisədə bu il tələbə qəbulunda 27% artım müşahidə olunub. Yeni qəbul olunan tələbələrdən 42 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır.
Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 647.2, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 667.5, qida mühəndisliyi ixtisasında ən yüksək bal 562.4 olub”.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.