GƏNCƏ, 20 sentyabr. TELEQRAF
“Mən 15 il əvvəl məşqçiliyə başladıqdan sonra hakimliklə bağlı danışmıram. Məşqçi kimi bununla bağlı fikrim yoxdur, rəyi sizə buraxıram. Məyusam ki, qol şanslarımızı dəyərləndirə bilmədik. Futbolçularımın bəziləri 90 dəqiqə oynayacaq fiziki gücə çatmayıb”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
Mütəxəssis səfər görüşündə əldə olunan bir xalı belə dəyərləndirib:
“Nəticəyə görə məyusam. Buna layiq deyildik. Bir neçə aydır Azərbaycandayam. Düşünürəm ki, ölkəyə keyfiyyətli məşqçilər və futbolçuların gəlməsini istəyiriksə, bəzi şeyləri dəyişmək lazımdır.
Təxmin edirəm ki, Gəncə şəhər stadionu ölkənin ən yaxşı stadionlarından biridir. Bu gün çox yaxşı atmosfer vardı".
Baş məşqçi stadionda yaşanan bəzi məqamlara narazılığını bildirib:
“Sözüm rəqib komandaya və rəhbərliyinədir. Atmosfer yaxşı olsa da, bu gün oyunun gedişində bir neçə şəxs fit səsləri ilə futbolçularıma qarşı təzyiq edirdi. Düşünürəm, bu, doğru deyil. Ümid edirəm, məni doğru anladınız. Sadəcə, bu hallar futbol adına yaraşmır.
Azərbaycan futbolunun inkişafı üçün nələrsə etmək, yəni birbaşa nələrəsə qərar vermək mənim səlahiyyətimdə deyil. Mənim işim öz komandamı yaxşı məşq etdirmək, inkişaf etdirməkdir. Buna da çalışıram.
Yenə qayıdıram ki, meydandakı fit məsələsinə. Bir neçə hücumumuzun kəskin fazasında bizə çox mane oldu. Oyunçularım da mənə dəfələrlə dedilər ki, bu, bizə mane olur və biz qorxuruq ki, hakim həqiqətən fit çalar, biz davam edərik, sonra buna görə sarı vərəqələr alarıq. Yəni mənim etirazım, fikrim buna idi və birbaşa müvafiq şəxslərə ünvanlanan fikir idi”.
O, komandasının çıxışını da dəyərləndirib:
“Düşünürəm, komandam inkişaf edir. Bu atmosferdə oynamaq asan deyildi. Üstəlik, rəqibin bir neçə təhlükəli futbolçusu var. Həm bizim, həm də rəqibin qol vurmaq üçün şansları oldu.
Hələ ki, yaxşı komanda qurmaq mərhələsindəyik”.