BAKI, 15 sentyabr. TELEQRAF
“2026–2027-ci tədris ilindən əsas gözləntimiz ilk növbədə təhsildə aparılan yeniliklərin real nəticəsini görmək olmalıdır. Artıq bir çox istiqamətdə müəyyən addımlar atılıb, yeni layihələr həyata keçirilir, rəqəmsallaşma genişlənir. İndi əsas məsələ bunların şagirdin biliyinə, bacarığına və müəllimin gündəlik işinə necə təsir etdiyini görməkdir”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.
O vurğulayıb ki, təhsilin keyfiyyəti və məktəblər arasında imkan fərqinin azaldılması istiqamətində daha ciddi nəticələr gözləyir:
“Təxminən 2,2 milyon insanın təhsil aldığı böyük bir sistemdən danışırıq. Regionda yaşayan şagirdlə paytaxtda təhsil alan şagird keyfiyyətli təhsil imkanlarına mümkün qədər bərabər çıxış əldə etməlidir.
Digər vacib istiqamət rəqəmsal bacarıqlardır. Artıq rəqəmsal savadlılıq sadəcə kompüterdən istifadə etməyi bacarmaq deyil. Şagird informasiyanı düzgün axtarmağı, mənbəni qiymətləndirməyi, rəqəmsal mühitdə təhlükəsiz davranmağı, süni intellekt alətlərindən məqsədyönlü və məsuliyyətli istifadə etməyi öyrənməlidir.
Məncə, yeni mərhələdə müəllimlərin bu bacarıqlarının inkişafına xüsusi diqqət ayrılması vacibdir. Çünki müəllim texnologiyanı nə qədər düzgün istifadə edirsə, onun dərsdə yaratdığı imkan bir o qədər geniş olur”.
Günay Əkbərova hesab edir ki, yeni tədris ilində şagirdin sadəcə nə qədər məlumat yadda saxladığına deyil, həmin məlumatdan necə istifadə etdiyinə daha çox diqqət yetirilməlidir:
“Oxuyub-anlama, tənqidi düşünmə, problem həll etmə, ünsiyyət, komanda işi kimi bacarıqların inkişafı mənim üçün əsas gözləntilərdəndir.
Mən təhsildə yeniliyə müsbət yanaşıram. Amma yenilik yalnız yeni layihənin və ya yeni platformanın təqdim olunması ilə ölçülməməlidir. Ən yaxşı nəticə odur ki, müəllim həmin yeniliyin faydasını sinifdə, valideyn övladının inkişafında, şagird isə öz öyrənməsində hiss etsin. Məncə, bu tədris ilində əsas hədəf məhz bu olmalıdır”.